Balıq ovunda sintetik torlardan istifadə hələ illər əvvəl qadağan edilib. Ancaq hələ də bəzi mağazalarda sintetik torların açıq satışı həyata keçirilir. Halbuki, belə torların ölkəyə gətirilməsini Nazirlər Kabineti 2017-ci ildə qadağan edib.
Bura paytaxtın böyük ticarət mərkəzlərindən biridir. Bazara daxil olan kimi balıqların kütləvi məhv edilməsində istifadə olunan və satışına qadağa qoyulan sintetik torların açıq satıldığının şahidi olduq.
Mağaza sahibləri bizi görər-görməz əl-ayağa düşdülər. Bu şəxs bazardakı sintetik tor satılan ən böyük mağazanın sahibidir. Ünvanladığımız sualların əksəriyyətini cavabsız qoyan sahibkarın bəzi suallarımıza cavabı isə saymazyana oldu.
Ticarət mərkəzində sintetik tor satılan mağaza təkcə bu, deyil. Çəkiliş zamanı bir-birinə yaxın azı 3-4 mağaza rastımıza çıxdı. Bu mağazanın sahibinin rəftarı da gözlənilməz oldu.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, sintetik torlarla balıq ovlanması qadağandır. Üstəlik, bu torların satışı və ölkəyə gətirilməsi də qanunvericiliklə qadağan edilib. Nazirlik belə hal aşkarladıqda aidiyyatı hüquq-mühafizə orqanlarına məlumat verir. Nazirlik bu faktla bağlı da araşdırma aparılması üçün polisə məlumat verəcək.
Məsələ ilə bağlı Su Nəqliyatında Polis İdarəsinin Brokenyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizə bölməsinin rəisi Elmir Süleymanov bildirdi ki, Nazirlər Kabinetinin qərarı ilə ölkəyə sintetik torların gətirilməsi 2017-ci ildən qadağan edilib. Sözügedən torlarla balıq ovlayan şəxslər cinayət və inzibati məsuliyyətə cəlb edilə bilərlər. Elmir Süleymanovun sözlərinə görə, əgər şəxs sintetik torlarla ov edib inzibati xətə törədibsə, bu zaman o, 700 manatdan 1700 manata qədər cərimə edilə bilər. Əgər bunu törədən şəxs cinayət məsuliyyətinə cəlb edilərsə, bu zaman həmin şəxsi törətdiyi əmələ görə 6-9 min manat arası cərimə və ya 2 ildən 5 ilədəkmüddətə azadlıqdan məhrum etmə cəzaları gözləyir.