Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Lənkəranda "Prezident İlham Əliyevin islahatlar strategiyası: davamlı inkişafın yeni keyfiyyət mərhələsi" mövzusunda regional konfrans keçirilib.
Konfransda 12 rayonun Ağsaqqallar şuralarının, YAP Gənclər birliklərinin, Gənclər və İdman idarələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxışına Prezident İlham Əliyevin dövlət başçısı seçildiyi gündən Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini vurğulayıb: "Bu gün biz ölkədə gedən inkişafın dərəcəsini müqayisəli surətdə gözümüz önünə gətirəndə hər birimizdə böyük inam hissi, Ulu Öndərə ilahi rəhmət arzusu yaranır. Çünki o öz yolunu hörmətli prezidentimizə həvalə etdi. Bu günə qədər o yol uğurla davam etdirilir. Bu yolda çox çətinliklər, maneələr var, xüsusilə beynəlxalq aləmdə. Ölkənin idarə olunmasında müasir təcrübələrin tətbiq olunması, Azərbaycanın dünya miqyasında tanınması üçün İlham Əliyev böyük işlər görüb. Ölkədə böyük islahatlar gedir. Bu islahatlar fonunda ağsaqqallarla gənclərin bu konfransda yanaşı oturmasının böyük rəmzi mənası var. Gənclər islahatlar yolu ilə həyatı uğurla davam etdirməli, müdrik ağsaqqallarımızın, Ulu Öndərin açdığı yolun davamçılarının təcrübələrinə söykənməlidirlər. Son islahatlar da buna əsaslanır."