Xəzər Xəbər

Mehriban Əliyeva autizmli uşaqlara baş çəkdi VİDEO

Veb TV | 21:55 • 31 Oktyabr 2019
Mehriban Əliyeva autizmli uşaqlara baş çəkdi

Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki 10 saylı sanatoriya tipli internat məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Təhsil naziri Ceyhun Bayramov məlumat verib ki, 10 saylı sanatoriya tipli internat məktəbi 1961-ci ildən fəaliyyət göstərir. Binada sonuncu dəfə əsaslı təmir işləri 2005-ci ildə aparılıb. Mövcud vəziyyət nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə binada 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və tikinti işlərinə başlanılıb. Sanatoriya tipli internat məktəbi tədris, yataqxana və istirahət-dərs hazırlığı korpuslarından ibarətdir. Tədris korpusunda müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, 2 texnologiya otağı və sinif otaqları fəaliyyət göstərir. Yeni tikilmiş 320 nəfərlik akt zalı, idman zalı və 320 yerlik yeməkxana korpusu da müvafiq avadanlıqla təchiz olunub. Hazırda internat məktəbində Azərbaycan və rus bölmələrində iki növbədə 746 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 97 pedaqoji heyət məşğul olur.

Birinci vitse-prezidenti Mehriban Əliyeva həmçinin Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.

Körpələr evi-uşaq bağçası 1963-cü ildə inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə binada əsaslı təmir işləri həyata keçirilib. İki mərtəbə və iki korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və beş qrupdan ibarətdir. Qruplarla tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət edib.

Qeyd edək ki, binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədilə bağçanın həyətində yelləncəklər qurulub.

Birinci vitse-prezidenti Mehriban Əliyeva həm də paytaxtın Nərimanov rayonundakı "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzini ziyarət edib. Autizm sindromlu uşaqlar üçün reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərir.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla görüşüb, onların yaşayış şəraiti, göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olub. İctimai Birliyin sədri Aytən Eynalova məlumat verib ki, burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olur. Hazırda Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır.

Autizmli uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov da öz məharətini göstərib.

Uşaqlar Birinci vitse-prezidentə əl işlərindən ibarət hədiyyələr təqdim ediblər.

Xəbər lenti

Çox oxunanlar