Dövlət Avtomobil Nəqliyyat Xidməti və Azərpoçt MMC-nin Zaqatala poçt filialı yeni layihə həyata keçirir.Bundan sonra Zaqatalanın uzaq kəndlərində yaşayanlar avtovağzala gəlmədən poçt şöbələrindən bilet ala biləcəklər.
Artıq Zaqatala sakinlərinin Bakı şəhərinə gedərkən, bilet üçün mərkəzə, rayon avtovağzalına gəlməsinə ehtiyac qalmayacaq. Belə ki, sakinlər yaşadığı ərazi üzrə Zaqatala Poçt filialının yerli qurumuna müraciət edərək bilet əldə edə biləcəklər.
60 kənd və iki qəsəbədən ibarət Zaqatala rayonunun bəzi yaşayış əraziləri şəhər mərkəzindən xeyli uzaqdır. Bakı şəhərinə getmək istəyən ucqar ərazi sakini ya bilet üçün ayrıca xərc çəkib mərkəzə gəlməli, yaxud yer sifariş etməli idi ki, buda heçdə həmişə istənilən nəticəni vermirdi. Belə ki, əlində rəsmi yol sənədi, yəni bilet olmayan sərnişin yer və yaxud başqa mübahisəli məqamda öz hüququnu təmin edə bilmirdi.
İlk dəfə Zaqatalada tətbiq edilən bu yenilik sakinlər tərəfindən də razılıqla qarşılanıb.
Yeni layihənin fəaliyyətə başlamasından cəmi bir neçə gün keçməsinə baxmayaraq artıq bu xidmətdən istifadə edən kənd sakinləri yetərincədir.
Bu layihə sərnişinlərin əlavə vaxt və xərc itkisinin qarşısını almaqla müştəri məmnunluğunu təmin edir.