Azərbaycan dünyada kredit əlçatanlığına görə lider ölkəyə çevrilib. ''Doing Business-2020'' hesabatında , ölkəmiz 22-ci yerdən 1-ci pilləyə yüksəlib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, belə bir müsbət nəticəyə səbəb ölkədə maliyyə, biznes sektorunda həyata keçirilən islahatlardır.
Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində azərbaycanın beynəlxalq hesabatlarda reytinqləri ildən-ilə yüksəlir. Belə ki, "Doing Business 2020" hesabatında Azərbaycan müxtəlif sahələr üzrə öz mövqeyini möhkəmləndirib.
İqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin analitiki Nərmin Kazımlı bildirib ki, ötən il Azərbaycan bu göstəricilərə görə, 22-ci yerdə qərarlaşmışdı. Analitikin sözlərinə görə, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin və özəl kredit bürosunun yaradılması, həmçinin "Daşınar əmlakin yüklülüyü haqqında" qanuna və Mülki Məcəlləyə müvafiq dəyişikliklərin, sadələşdirmələrin edilməsi bu nəticəni şərtləndirən amillərdəndir.
Belə ki, əvvəlki qanunvericiliyə görə, kredit əldə etmək üçün sahibkarlardan daşınmaz əmlakın girov qoyulması tələb edilirdi. Sonra bu şərt aradan qaldırılaraq daşınar əmlakın da girov qoyularaq kredit götürülməsinə şərait yaradıldı. Nəticədə fiziki şəxslərin və sahibkarların kredit əldə etmə imkanları yaxşılaşdı.
Nərmin Kazımlı əlavə edib ki, nəticədə yeni yaradılan özəl kredit bürosunda qeydiyyatdan keçən fiziki və hüquqi şəxslərin sayında artım var. Analitik vurğulayıb ki, maliyyə institutları ilə real sektor arasında əlaqələrin daha da genişləndirilməsi də prosesə müsbət təsir göstərib.
Ölkəmizin hesabatda reytinqinin yaxşılaşması xarici sərmayənin cəlbi baxımından olduqca önəmlidir.