Bakıda yerləşən bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə "nərə” balığı adı altında "naqqa” balığı təqdim edildiyi aşkar olunub.
Xezerxeber.az-ın məlumatına görə, bu hal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinqlər zamanı məlum olub.
Monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə "nərə” balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə "nərə” balığına oxşayan "naqqa” balığının təqdim edildiyi aşkar olunub. Qeyd edilir ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.
Bununla bağlı əsas menyuları balıq olan restoran sahibləri bildirdilər ki, nərə balığı naqqa balığından çox fərqlənir. Bunun üçün sadəcə olaraq təqdimata və dada fikir vermək bəs edir.
Balıqçılar isə bildirirlər ki, vətəndaşlar aldanmaq istəmirlərsə, bir necə nüansa fikir versinlər.
Qida eksperti İsa Əliyevin sözlərinə görə, balıqların insanlara bu cür səhv verilməsi sadəcə olaraq restoranların işbazlığıdır.
İsa Əliyeb bildirib ki, insanlar bu cür hallarla qarşılaşarlarsa Qida Təhlükəsizliyi Agentliyinin 1003 çağrı mərkəzinə zəng etsinlər.
Qeyd edək ki, naqqa balığının 1 kiloqramının bazarda qiyməti 10 manat, nərə balığınınkı isə 35-55 manat arasında dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: