Ölkəmizdə uzunömürlü ailələrə daha çox cənub bölgəsində rast gəlinir, amma digər rayonlarda da var. Məsələn, Ağsu rayonunda yaşayan bir ailədə gəlinin 70, oğulun 80, ananın 105 yaşı var.
Xezerxeber.az-ın məlumatına görə, 1915-ci ildə Ağsu rayonunun Abasxanlı kəndində doğulan Sadatbəyim Mehdiyeva bölgənin ən uzunömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş- əməkçi kimi keçirən Sadatbəyim nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır. Nənənin sözlərinə görə, yaşadığı illər ərzində xeyli çətinliklərə sinə gərib, o cümlədən müharibələr görüb.
Sadatbəyim nənə zəhmətkeş-əməkçi kimi xidmətlərinə görə bir neçə dəfə medal ilə də təltif edilib.
Nənənin 70 yaşlı gəlini Zemfira Mehdiyeva isə deyir ki, uzunömürlü olmaq üçün sağlam həyat tərzi keçirmək lazımdır.
Sadatbəyim nənənin 80 yaşlı oğlu Sabir baba uzun illər mexanizator işləyib. Hazırda təqaüddə olan baba hesab edir ki, işləmək və halal qazanc əldə etmək insanı qocaltmaz.
105 yaşlı Sadatbəyim nənənin iki övladı, 13 nəvəsi, 27 nəticəsi, 11 kötükcəsi var. Yaşının çox olmasına baxmayaraq, özünü gümrah və xoşbəxt hesab edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: