Gürcü nömrəli maşını Bakıda satan Gürcüstan vətəndaşı Kərim Novruzov ölkəsinə qayıda bilmir.
Xezerxeber.az-ın məlumatına görə, buna səbəb maşının daha sonra başqa bir şəxsə satılması və həmin şəxsin də telefonlara cavab verməməsidir.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə xarici ölkə qeydiyyat nişanlı maşınlar Azərbaycanda 3 ay istifadə edilə bilər və avtomobili ölkəyə gətirən şəxs də həmin maşınla ölkəni tərk etməlidir.
Kərim Novruzov deyib ki, maşın Azərbaycanda 2 ay ərzində iki fərqli şəxsə satılıb və avtomobili alan sonuncu şəxs telefonları söndürüb.
Hazırda məsələ polis tərəfindən araşdırılsa da Kərim Novruzovun ölkədə qalma müddəti bitir və vaxt keçdikdə hər günə görə ona cərimə tətbiq edilir.
Məsələ ilə bağlı yol hərəkti üzrə mütəxəssis Azər Allahverənov bildirir ki, vətəndaş əvvəlcə ölkəni qanunların icazə verdiyi müddətdə tərk edə bilmədiyi barədə Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir. Belə olan halda ona cərimə tətbiq edilməyəcək. Daha sonra məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı və ehtiyac yaranarsa məhkəmə yolu ilə həll edilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: