Xəzər Xəbər

Biri əllərini tutdu, digəri qayçı ilə qətlə yetirdi: Bakıda dəhşətli cinayətin - TƏFƏRRÜATI VİDEO

Veb TV | 19:50 • 26 Oktyabr 2019
Biri əllərini tutdu, digəri qayçı ilə qətlə yetirdi: Bakıda dəhşətli cinayətin - TƏFƏRRÜATI

Bir neçə gün əvvəl Bakıda itkin düşən diş həkiminin meyiti tapılıb. Su quyusundan çıxarılan meyitin üzərindən bir neçə ağır xəsarətlər aşkar edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu ağır cinayəti törətməkdə şübhəli bilinən şəxsləri də saxlayıb.

İtkin düşən diş həkiminin meyiti tapılıb.

10 gün əvvəl Binəqədi rayonu Biləcəri qəsəbə sakini Çiçək Əsgərova polisinə müraciət edərək həyat yoldaşı diş həkimi Elvin Həbibzadənin oktyabrın 14-də özünə məxsus ''BMV'' markalı avtomobillə evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib. Onun həmin vaxtdan itkin düşdüyü hesab edilib və polis axtarışlara başlayıb.

Ötən gün Fövqəladə Hallar Nazirliyinin ''112'' qaynar xəttinə məlumat daxil olub ki, Xəzər rayonu Türkan qəsəbəsində evlərdən birinin qarşısındakı su quyusunda kişi meyti var.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Bakı şəhər sakini Səbuhi Ələkbərov yaxın qohumu Rəşad Fətullayevlə qabaqcadan cinayət əlaqəsinə girərək ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək məqsədilə Elvin Həbibzadənin idarə etdiyi avtomobillə oktyabrın 15-də axşam görüş bəhanəsi ilə Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər. Maşında tərəflər arasında kəskin mübahisə yaranıb, Elvin Həbibzadə Səbuhi Ələkbərovun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək bıçaqla onun sol əlinə xəsarət yetirib. Bu zaman Səbuhi Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və Rəşad Fətullayev qayçı ilə arxadan boyun nahiyəsinə zərbə endirərək Elvin Həbibzadəni qətlə yetirib. Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək burada Səbuhi Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar.

Polis araşdırma apararkən müəyyən edib ki, Rəşad Fətullayev və Səbuhi Ələkbərov onu qətlə yetirdikdən sonra avomobilin dövlət nömrə nişanını açaraq ona başqa bir avtomobilin nömrəsnini bağlayıb satıblar. Nəticədə Elvin Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsindən tapılıb. Aşkar edilərkən müəyyən olunub ki, avtomobilin detalları hissələrə bölünərək satılır.

Qeyd olunan ağır cinayət əməllərini törətdiklərinə əsaslı şübhələr olduğuna görə Səbuhi Ələkbərov və Rəşad Fətullayev saxlanılıb. Hazırda cinayət işi zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti