Rusiya parlamentində komitə sədrinin müavini olan ermənipərəsət deputat Konstantin Zatulin növbəti dəfə Azərbaycana qarşı təxribatda iştirak edib.
Xezerxeber.az-ın məlumatına görə, o, oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Bundan əlavə, separatçı rejimin keçirdiyi "Artsaxın dostları ədalət və sülh naminə əməkdaşlıq" adlı "beynəlxalq forum"da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.
Millət vəkili Elman Nəsirov bildirib ki, Prezident İlham Əliyevin Soçidə Valday klubunun sessiyasındakı çıxışı, eləcə də MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında səsləndirdiyi fikilər Rusiyadakı ermənipərəst qüvələri narahat etməyə başlayıb. Çünki Prezident İlham Əliyevin Dağlıq Qarabağ həqiqətləri, eləcə də şovinist Qaregin Njdenin Ermənistanda əbədiləşdirilməsinə qarşı çıxışları erməni diasporunu əməlli-başlı hiddətləndirib. Konstantin Zatulinin yenidən gündəmə gəlməsi də birbaşa erməni diasporunun revanş almaq cəhdi ilə bağldıır.
Elman Nəsirovun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında çox sıx əlaqələr var və Konstantin Zatulin kimi şəxslərin fəaliyyəti ilə bu münasibətləri korlamaq hədəflənir.
Millət vəkili bildirib ki, erməni diasporunun fəaliyyətləri boşa çıxmağa məhkumdur.
Qeyd edək ki, Rusiyadakı Azərbaycan icması Konstantin Zatulinin işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova müraciət edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: