Beyləqanda kişi boşandığı həyat yoldaşını bıçaqlayaraq öldürüb.
Xezerxeber.az-ın xəbərinə görə, bu gün günorta saatlarında Beyləqan rayon sakini Namiq İsmayılov Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə gedərək həmin müəssisədə çalışan keçmiş həyat yoldaşı, 1994-cü il təvəllüdlü Beyləqan şəhər sakini Könül Bəhmən qızı Bəhrəmlini bıçaqlayaraq öldürüb.
İş yerinə gələn N. İsmayılov söhbət etmək üçün K. Bəhrəmlini müəssisənin həyətinə çağırıb. Bir müddət mübahisə etdikdən sonra K. Bəhrəmlinin iş yoldaşları onları ayırmaq istəyib. Bu vaxt keçmiş ər cibindən çıxardığı bıçaqla qadına bir neçə zərbə endirib. Hadisəni törədən N. İsmayılov qətli keçmiş həyat yoldaşının boşandıqdan sonra qızını ona göstərmədiyi üçün törətdiyini deyib.
N. İsmayılov saxlanılıb.