Biləsuvarda orta məktəbdən 40 il öncə məzun olmuş şəxslər müəllimlərinə sürpriz ediblər. Onlar Beynəlxalq Müəllimlər Günündə doğma siniflərində yenidən parta arxasında əyləşiblər. 50 il əvvəl onlara dərs deyən müəllimlər isə bu mənzərə qarşısinda kövrəliblər.
Xezerxeber.az-ın məlumatına görə, Biləsuvarın Ağayrı kənd orta məktəbini 40 il öncə bitirmiş məzunlar doğma təhsil ocağında bir araya gəliblər.
Görüşə paytaxtdan və bölgələrdən qatılanlar da olub. Yoldaşların əksəriyyəti görüşə gəlsə də, bu illər ərzində dünyasını dəyişənlər də olub. Məzunlar arasında müəllim peşəsinə yiyələnənlər də var. Bu görüşə ən çox sevinən isə 50 il öncə birinci sinifdə onlara dərs demiş Ələsgər Qənbərov idi.
Ələsgər müəllim qədər 60 yaşlı məzunlarda da həyəcan hiss edilirdi.
Keçmiş məzunlar məktəb illərindən xatirələri yada salıblar.
Dərsin bitdiyini bildirən zəng çalındıqdan sonra isə söhbətlərini süfrə arxasında davam etdiriblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: