Müdafiə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nümayəndələrinin, millət vəkillərinin, zabit və əsgərlərin iştirakı ilə hərbi hissədə tədbir keçirilib.
Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, xalqımızın ümummilli lideri Heydər Əliyevin, şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı hərbi hissələrdə təşkil olunan görüşlərin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, bu, Dövlət Komitəsinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Bütün hərbi hissələrdə, xüsusilə ön xətdə yerləşən bölmələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri möhkəmdir, dönməzdir. Xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Prezident İlham Əliyevin Soçidə keçirdiyi görüşü xüsusi xatırladan M.İbrahimqızı vurğulayıb ki, Ali Baş Komandanın çıxışı xalqımızda sarsılmaz ruh yüksəkliyi yaradıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hərbi hissələrdə mütəmadi görüşlər keçirilir, müzakirələr aparılır. Azərbaycan Ordusu gündən-günə güclənir, müasirləşir. İstər maddi-texniki təchizatın təkmilləşdirilməsi, istər şəxsi heyətin nizam-intizamı, istərsə də hərbçilərin sosial təminatının gücləndirilməsi ilə Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasındadır.
Sədr müavini Prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərindəki çıxışının Azərbaycanın bir dövlət olaraq gücünə, qüdrətinə, ordusunun qüvvəsinə, haqq-ədalət sözlərinə, tarixinə, ənənələrinə əsaslandığını xüsusi vurğulayaraq qeyd edib: "Xüsusilə də bugünkü reallığa baxdıqda şahidi oluruq ki, insan kapitalını lazımi səviyyədə toplayıb lazımi istiqamətə yönəldən cəmiyyətlər uğur əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət və Birinci vitse-prezident Mehriban Əliyevanın reallaşdırdığı tədbirlər nəticəsində ailələrin sosial müdafiəsi daha da gücləndirilib, çox ciddi və inqilabi islahatlar əsasında xüsusilə də həssas təbəqədən olan ailələrin, gənclərimizin rifah halı daha da yaxşılaşıb. Bu gün gənclərimizi müasir dövrə uyğun əsl vətəndaş kimi yetişdirmək, dünyagörüşlü, hərtərəfli inkişafda, milli-mənəvi dəyərlərə əsaslanan tərbiyədə formalaşdırmaq və ölkəsini, torpağını sevən vətənpərvər kimi yetişdirmək sağlam və etibarlı gələcəyimiz üçün əsas faktorlardandır”.
Müdafiə Nazirliyinin əməkdaşı Zümrüd Səmədova dövlət tərəfindən hər bir hərbçiyə və onun ailəsinə göstərilən diqqət və qayğıdan, onların sosial şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardan söhbət açıb.
Hərbi hissənin zabiti Ədalət Hacıyev qonaqlara təşəkkürünü bildirib və Azərbaycan Respublikasının dövlət rəmzlərinin əks olunduğu hədiyyələri onlara təqdim edib.
Dialoq şəklində davam edən tədbirdə zabit və əsgərlərin fikirləri dinlənilib, onları maraqlandiran suallar cavablandırılıb.