Qarabağ qaziləri mətbuat konfransı keçirərək, SOCAR əməkdaşları ilə aralarında baş vermiş insidentə münasibət bildiriblər. Onlar deyiblər ki, Azərbaycan dövləti Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir. Qazilərin sözlərinə görə, bəzi qara qüvvələr SOCAR əməkdaşları ilə onların arasında baş vermiş insidenti siyasiləşdirmək istəyirlər. Onlar bu oyuna gəlməyəcəklərini qeyd ediblər.
"Azərbaycan dövləti Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir". Bu fikri SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq keçirdikləri mətbuat konfransında hadisədə iştirak etmiş qazilər səsləndiriblər. Hadisənin iştirakçıları olan Qarabağ əlilləri hansısa qüvvənin əlində alət olmaq istəmədiklərini bildiriblər. Qeyd ediblər ki, Prezident İlham Əliyevin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yürütdüyü siyasəti dəstəkləyirlər.
Mətbuat konfransında Qarabağ qaziləri bu məsələdən öz siyasi məqsədləri üçün istifadə etmək istəyənlərə öz etirazlarını bildiriblər. Sözügedən hadisənin əsas iştirakçısı, Qarabağ qazisi Sərxan Musayev bildirib ki, bütün qazilər dövlət tərəfindən göstərilən diqqət və qayğını hər zaman duyur və onlar özlərini Prezident İlham Əliyevin əsrgərləri hesab edirlər.
Qarabağ qaziləri dövlətin qayğısından narazılıqlarının olmadığını bildiriblər.
Digər qazilər də hadisəni siyasiləşdirən qüvvələrə etirazlarını bildiriblər və hər zaman dövlətin qazilərə diqqətini hiss etdiklərini deyiblər.