"Oyunda təhlükəsizlik düzgün qurulmamışdı"
Bu sözləri XəzərXəbər-ə AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O "Dudelanj" - "Qarabağ" oyunu zamanı baş verən hadisəyə münasibətini bildirib.
Milli Assosiasiya rəsmisi bildirib ki, oyun zamanı stadion üzərinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının dronla gətirilməsi çox ciddi məsələdir. O, AFFA olaraq, bəyanat yaydıqlarını və digər beynəlxalq qurumlara, o cümlədən, UEFA-ya üzv olan digər 54 milli assosiasiyaya göndərdiklərini vurğulayıb: "Onlar özləri də yəqin ki, klublarına göndərəcəklər. Əlavə olaraq, UEFA rəhbərliyinə və İntizam Komitəsinə rəsmi etiraz məktubu gedib. Həmin məktubda tələb etmişik ki, məsələyə müvafiq qaydada baxılsın və "Jozi Bartel" stadionuna, "Düdelanj"a qarşı sanksiyalar tətbiq olunsun. Amma araşdırmalar mütləq aparılmalıdır".