Xəzər Xəbər

Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın illik konfransı keçirilib - VİDEO

Veb TV | 19:00 • 23 Sentyabr 2019
Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın illik konfransı keçirilib -

Sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimi keçirilib. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans İngiltərədə təşkil olunub. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda Mehriban Əliyeva müxtəlif bilik və bacarıqların yoxlanılması zamanı nəticələrin obyektiv qiymətləndirilməsi və müasir ölçmə metodlarından istifadə edilməsinin böyük əhəmiyyətə malik olduğuna diqqət çəkib və konfransın işinə uğurlar arzulayıb.

Təhsil naziri Ceyhun Bayramov vurğulayıb ki, təhsil sahəsində aparılan islahatlar artıq öz nəticələrini göstərməkdədir və bir sıra parametrlər üzrə şagidrlərin bilik və bacarıqlarında irəliləyişlər var.

ADA Universitetinin rektoru Hafiz Paşayev ali təhsil sistemində qabaqcıl dünya təcrübəsinin tətbiqi nəticəsində qiymətləndirmə ilə bağlı daha şəffaf və effektiv mühitin yaradıldığını vurğulayıb.

Mərasimdən sonra jurnalistlərə açıqlama verən Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə beynəlxalq konfransın önəmini vurğulayıb.

Qeyd edək ki, IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Builki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar