Bakıda sağlam ağacın dibi betonlanıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsindən gedir.
İqor Ağayev küçəsi 3 ünvanında yerləşən binanın arxasında tikinti işlərinə başlanılıb. Aparılan işlər zamanı da əraziyə düşən irigövdəli Eldar şamının dibinə beton tökülüb.
Sakinlər tikintini aparan şəxsi tanımadıqlarını, ağacın dibini də kimin betonladığını bilmədiklərini dedilər.
Sakinlər ağacın dibinin bu cür betonlanmasının düzgün olmadığını bildirib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. "Xəzər Xəbər"in müraciətindən sonra Nazirliyin əməkdaşları dərhal əraziyə baxış keçiriblər. Baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub. Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyən edilib.
Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub, ağacın dibi betondan təmizlənib. Həmin şəxs də qanunauyğun şəkildə cəzalandırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: