Oktyabr ayının 1-dən 10-a kimi Azərbaycanda vətəndaşların siyahıyaalınması həyata keçiriləcək. Hələ 3 il qabaq hazırlıqlarına başlanılan prosesdə 33 min 709 sayıcı məntəqəsi iştirak edəcək. Bu siyahıyaalmada vətəndaşlar evdən çıxmayacaq, əksinə, sayıcılar onların evlərinə gələcəklər.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanda vətəndaşların ailə vəziyyəti, etnik tərkibi, işi, təhsili, hansı dildə danışması və hansı dilləri bilməsi, yaşadığı evin təchizatı, səhhəti və digər şəxsi məlumatlarını özündə əks etdirən siyahıyaalma keçiriləcək. Bütün bu məlumatlar vətəndaşlardan öz evlərində alınacaq.
Siyahıyaalmaya hazırlıq hələ 3 il əvvəl ölkə başçısının göstərişi ilə başlanıb və bu müddət ərzində ayrı-ayrı dövlət qurumlarından statistik məlumatlar toplanıb. Amma daha təffərrüatlı məlumatlar vətəndaşların özlərindən alınacaq. Bunun üçün rayonlarda icra başçılarının müavinlərinin rəhbərliyi ilə işçi qrupları yaradılıb və siyahıyaalmanın təşkilinə minlərlə şəxs cəlb edilib.
Hər bir sayıcıya 10 gün ərzində 300 respondent ilə sorğu aparmaq tapşırılıb. Ölkə xaricində yaşayan vətəndaşlara bağlı məlumatlar isə Xarici İşlər Nazirliyindən alınacaq və siyahıyaalma vərəqləri bu nazirlik vasitəsilə həmin şəxslərə çatdırılacaq. Sayıcı ərazisindəki vətəndaşı evdə tapmadıqda isə həmin ailəyə məktubla müraciət ediləcək.
Bu siyahıyaalma beynəlxalq təcrübəyə əsasən hər 10 ildən bir keçirilir və Dövlət Statistika Komitəsi siyahıyaalmada iştirak edən hər bir vətəndaşa dair məlumatlarının gizliliyinin qorunmasına zəmanət verir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: