Paytaxtın Qaradağ rayonunda Lökbatan dairəsindən istifadə edib rayonlara getmək istəyən bir çox sürücü problemlə qarşılaşır. Buna səbəb isə dairədə rayonlararası qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərin avtomobillərini yolun hərəkət hissəsində saxlamasıdır. Bu səbəbdən də yolda tıxaclar yaranır. Aidiyyəti dövlət qurumları bir neçə dəfə problemin aradan qaldırılacağını bildirsələr də, mənzərə dəyişmir.
Minik avtomobilləri və mikroavtobuslar yolun hərəkət hissəsində dayanıb qanunsuz sərnişindaşıma ilə məşğul olurlar.
Onlarla sərnişin isə magistral yolun kənarında toplaşıb maşın gözləyir. Bura paytaxtın Qaradağ rayonu, Lökbatan dairəsidir.
Ərazidə çəkiliş apardığımız zaman rayonlara sərnişin daşıyan minik avtomobilləri və mikroavtobus sürücülərinin dördzolaqlı yolun 3 zolağında dayandığını, bununla da yolda tıxacın yaranmasına səbəb olduqlarının şahidi olduq.
Sürücülərə yaxınlaşıb bunun səbəbini soruşduqda isə əksəriyyəti cavab vermək əvəzinə ərazidən uzaqlaşmağı üstün tutdu. Bəzilərinin isə cavabı fərqli oldu
Həmin yoldan istifadə edən digər sürücülərdə avtomobillərin onlar üçün ciddi mane törətdiyini bildirirlər.
Bu dairədə problem tək bununla yekunlaşmır. Dairənin ətrafını paytaxtın mərkəzinə işləyən taksi sürücüləri zəbt edib.
Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ''Xəzər Xəbər''ə bildirdi ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Lökbatan ərazisində yeni avtostansiya inşa edilir. Artıq tikinti işlərinin bir qismi başa çatdırılıb. Gələn ilin əvvələrində isə Bakı Cənub Avtostansiyası tam hazır vəziyyətdə vətəndaşların istifadəsinə veriləcək. Bununla da həm Lökbatan dairəsindəki nəqliyyat xaosu aradan qalxacaq, həm də qanunsuz sərnişindaşımanın qarşısı alınacaq.
Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, yaxın vaxtlarda dairədə intellektual nəzarət kameralarının quraşdırılmasına başlanılacaq. Hazırda isə Agentliyin əməkdaşları Lökbatan dairəsində dayanma və durma qaydalarının tələblərini pozan sürücülər barəsində cəza tədbirləri görürlər.