Aqrolizinq ucqar bölgələrdə fermerlər üçün güzəştli gübrə satışına başlayır. Qurumdan bildirilib ki, hansı ucqar bölgədə səyyar gübrə satışına ehtiyac olarsa fermerlər aqrolizinqə müraciət edərək satışın həmin ərazilərdə keçirilməsinə nail ola bilərlər.
Azərbaycanda mövsümi mineral gübrələrin yenidən güzəştli şərtlərlə səyyar satışına başlanılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusilə ammofos və nitroammofoska gübrəsinin yenidən güzəştli şərtlərlə səyyar satışına başlayır. Bu barədə danışan qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirir ki, proses anbarlardan uzaq yerdə yaşayan fermerlər üçün sərfəli fürsət yaradır.
Aytəkin Məmmədova bildirir ki, vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər. Mineral gübrələr üçün 1 hektara düşən güzəştin limiti 150 manat, pestisidlər üçün isə 50 manat təşkil edir.
Fermerlər də bildirir ki, güzəştli gübrə satışı onların işinin xeyli asanlaşmasına səbəb olur.
Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəmkir rayonun ucqar dağ kəndlərində bir neçə günə start veriləcək.