Oğuz rayonunun Padar kəndində hələ də intensiv fəaliyyət göstərən kömür quyuları sakinlərin narahatlığına səbəb olur. Yayın qızmar cağında pəncərələri acıb təmiz hava almağa həsrət qalan insanlar dəfələrlə kənd bələdiyyəsinə bu barədə müraciət etsələr də, heç bir nəticə olmayıb.
Xezerxeber.az-ın məlumatına görə, kənddə kömür quyularının tüstüsü ətrafı bürüyüb.
Oğuzun Padar kəndində, köhnə qəbiristanlığın yaxınlığındakı məhəllədə bir neçə aydır aramsız tüstülənən kömür quyuları kənddə xəstələrin, uşaqların narahatlığına səbəb olur. Tüstülər xüsusən axşamlar daha da şiddətlənir. Hazırda üç quyu ərazini çirkləndirir.
Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri rayon polis şöbəsinin əməkdaşları ilə birgə araşdırma aparıblar. Məlum olub ki, fəaliyyətdə olan kömür quyuları Padar kənd sakini Kamil Məmmədəliyevə məxsus həyətdə yandırılır.
Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Oğuz rayon polis şöbəsi tərəfindən araşdırılmalar davam etdirilir. Qeyri-qanuni kömür quyuları işlədənlər cərimələnəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: