Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.
Nazirlikdən verilən məlumata görə, cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən məcburi köçkünlərdən artıq 750-dək şəxs özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olduğu nəzərə alınmaqla bu proqrama cəlb edilib.
Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün artıq aktivlər verilməsinə başlanıb. Məcburi köçkünlərin maraq göstərdiyi sahələr isə əsasən kənd təsərrüfatının müxtəlif istiqamətləridir.
Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və bu işlər çərçivəsində ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayı da artacaq. Onu da qeyd edək ki, adətən özünəməşğulluq proqramına əsasən vətəndaşlar biznes sahələri ilə bağlı təlimləri bitirəndən sonra onlara 2 min 500-5 min manat arasında dəyəri olan aktivlər təqdim olunur. Bu isə əhalinin işsiz təbəqəsinin öz şəxsi bizneslərini qurmasına şərait yaradır.