Bakıda narkotik maddələrin satışı ilə məşğul olan qadın tutulub.
Xezerxeber.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan paytaxt sakini Ruhiyyə Tağıyevanı saxlayıb. Onun üzərinə baxış keçirilən zaman güclü psixotrop təsirə malik 82 qramdan çox psixotrop maddə aşkar olunaraq götürülüb.
Ruhiyyə Tağıyeva ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı, satışı ilə də məşğul olduğunu etiraf edib.
Sabunçu Rayon 14-cü Polis Bölməsi əməkdaşları isə narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Mütəllimzadəni saxlayıb.
Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 400 kvadratmetr olan istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən, çəkisi 630 kiloqram olan 550 ədəd çətənə kolu aşkar edilib. Ceyhun Mütəllimzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi çətənə kollarını qurudandan sonra satmaq olub.
Qeyd edək ki, əməliyyat zamanı polislər Ceyhun Mütəllimzadənin istixanasında qarovulçu işləyən Novruz Çıqqalovu da saxlayaraq istintaqa təqdim ediblər.
Əlavə axtarış zamanı Ceyhun Mütəllimzadəyə məxsus istixanadan 2 kiloqram 400 qram qurudulmuş marixuana, elektron tərəzi və bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Hər iki faktla bağlı cinayət işi başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: