Cənubi Koreyanın ən böyük adası olan və 550 minə yaxın əhalinin yaşadığı Çeju turistlərin ən çox üz tutuduğu yerlərdəndir.
Xezerxeber.az-ın məlumatına görə, YUNESKO-nun Ümumdünya İrs Siyahısında olan adanın uzunluğu 73, eni isə 31 kilometrdir.
Tamamilə yaşıllığa bürünən, Sakit Okeanda yerləşən və koreyalıların "Tanrıların Adası" adlandırdığı bu təbiət incisini hər il 10 milyona yaxın turist ziyarət edir. Çeju adasının çimərlikləri də dünyanın ən təmiz istirahət zonası siyahısındadır.
2007-2011-ci illər ərzində keçirilən səsvermə ilə Çeju adası dünyanın 7 təbiət möcüzəsindən biri seçilib. Səsvermədə 100 milyondan artıq insan iştirak edib.
Yağışlara baxmayaraq adada hava şəraiti mülayim və isti keçir. Adada xeyli xırda şəlalələr və göllər var.
Çeju vulkan püskürməsi nəticəsində yarandığından adanın bütün ərazilərində vulkanik daşları görmək olur. Həmçinin, bu daşlardan hazırlanmış müxtəlif ölçülü heykəllər adaya xüsusi gözəllik qatır.
Adadakı Yonqduam qayalığı da turistlərin ən çox baş çəkdiyi ərazilərdəndir. İnsanların burada ən çox marağını cəlb edən isə Çejunun ən böyük məbədində dini ayinləri izləməkdir.
Çeju həm də yaşıl çayı ilə məşhurdur. Burada toplanan çay ölkə əhalisi tərəfindən 1 ildə istehlak edilir. Çünki qalma müddəti o qədərdir. Başqa ölkələrə göndəriləndə isə ömrü uzun olsun deyə fərqli prosedurlardan keçirilir. Tursitlərin marağını nəzərə alaraq adada Osullak çay muzeyi fəaliyyət göstərir ki, burada da yaşıl çaydan hazırlanan müxtəlif məhsullar nümayiş olunur.
Muzeydə həmçinin çay və çaydan hazırlanan məhsulların satışı həyata keçirilir. Adaya məxsus məhsulların və suvenirlərin satıldığı əsas mərkəz isə Çeju şəhərindəki yerli bazardır. Burada da turist axını müşahidə edilir. Qiymətlər isə paytaxt Seula nisbətən aşağıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: