Xəzər Xəbər

Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub - VİDEO

Veb TV | 18:53 • 15 İyul 2019
Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub -

Şəki Xan Sarayında çinar ağacının qırılaraq insanların üzərinə düşməsi təbii amillərlə əlaqədardır.

Xezerxeber.az-ın məlumatına görə, bunu hadisə baş verən ərazidə aidiyyəti dövlət qurumlarının araşdırmasına əsasən demək olar.

Baş Prokurorluğun yaydığı məlumata görə, ilkin rəyə əsasən, qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.

Belə ki, iyulun 12-də başlayan və sürəti saniyədə 8-12 metr olan küləklə müşayiət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54 faizi miqdarında (32 mm) aramsız yağış yağıb.

Hadisə nəticəsində yaralanan 19 nəfərdən 13-ü evə buraxılıb. Hazırda Şəki xəstəxanasında iki nəfər müalicə alır və 4 nəfər də helikopterlə Bakıdakı xəstəxanalara gətirilib.

Bakıya gətirilən yaralılardan biri Azərbaycan, 3-ü Suriya vətəndaşıdır. Onların vəziyyətləri ağır stabildir və həyati təhlükələri yoxdur.

Dövlət Turizm Agentliyinin Mətbuat Katibi Kənan Quluzadənin ''Xəzər Xəbər''ə verdiyi açıqlamaya görə, Şəki Xan Sarayı bir neçə gün ictimaiyyət üçün bağlı olacaq.

Eyni zamanda, digər dövlət qoruqlarında da belə hadisələrin baş verməməsi üçün aparılan monitorinqlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti