İsmayıllıda yaşayış evlərinin yaxınlığına quş peyini tökülüb, ətrafı üfunət bürüyüb.
Odur ki, kəskin qoxu kənd sakinlərinin narazılığına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, söhbət İsmayıllı rayonunun Mican kəndindən gedir.
Sakinlərin sözlərinə görə, kəskin qoxu dünən axşam saatlarından başlayıb. Yaşayış evlərinin yaxınlığında yerləşən toyuq fermasının işçiləri kəndə yaxın taxıl sahəsinə quş peyini töküblər. Sakinlər deyirlər ki, qapı-pəncərəni nə qədər bağlasalar da, isti hava səbəbindən evlərdə oturmaq olmur. Kənd sakinlərinin quşçuluq fermasının müdiriyyətinə çoxsaylı şikayətləri də nəticəsiz qalıb.
Fermanın nümayəndəsi Əfqan Əhmədov bildirib ki, sözügedən ərazi fermaya məxsusdur və hər il də quşçuluq fermasında toplanılan peyin bu əraziyə tökülür.
Vətəndaşların müraciəti ilə 6-saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Qurumun mütəxəssislərinin sözlərinə görə, sakinlərin narazılığına səbəb olan xoşagəlməz qoxu bir çox xəstəliklərə yol aça bilər.
İdarənin əməkdaşları qoxunun kəskin olmasının səbəbini araşdırmaq üçün nümunələri ekspertizaya göndərəcəklər və nəticələrə uyğun tədbir görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: