"Ötən altı ayda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrup zərərsizləşdirilib”.
Xezerxeber.az-ın məlumatına görə, bunu Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.
Nazir qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitənin çıxarıldığını və 74 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini bildirib.
Nazir bildirib ki, son altı ayda 12411 cinayət qeydə alınıb. Cinayətlərin 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edir. Nazir qəsdən adam öldürməyə cəhd cinayətlərinin 12,2, qəsdən sağlamlığa ağır zərər vurmaların 4, mülkiyyət əleyhinə olan cinayətlərin 8,1, xuliqanlıqların 25,1, ictimai yerlərdə baş vermiş cinayətlərin isə 35 faiz azaldığını deyib. Həmçinin məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxsin tutulduğunu vurğulayıb. Bu ilin 6 ayı ərzində həmçinin keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.
Sonda nazir qeyd edib ki, polis 2019-cu ili də yüksək göstəricilərlə başa vuracaq. Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiklərini , eləcə də digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini bildirib.
Sonra Azərbaycan Polisinin 101 illik yubileyi münasibətilə təltif olunmuş bir qrup polis əməkdaşına dövlət mükafatları təqdim edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: