Əlahiddə Ümumqoşun Orduda növbəti zabit hazırlığı kursunu bitirən məzunlara rütbə və sertifikatların təqdim edilməsi mərasimi keçirilib. Təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov çıxış edərək bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlardan və silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan maksimum istifadə edilib. Kursa cəlb edilmiş heyətin virtual təlim meydançasında qazandığı yeni biliklər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib. Məzun Cəlal Kərimli peşəkarlıqlarının artırılmasına xidmət edən zabit hazırlığı kursunun muxtar respublikamızda təşkil olunmasının hərb işinə verilən yüksək dəyər olduğunu vurğulayaraq dövlətimizə minnətdarlığını bildirib. Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu məqsədyönlü iş Naxçıvan Muxtar Respublikasında da qətiyyətlə aparılır. General-leytenant Kərəm Mustafayev çıxışı zamanı ilkin leytenant hərbi rütbəsinin verilməsi həyəcanını yaşayan gənclərə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırıq və tövsiyələrini çatdıraraq deyib: "Zabit olmaq üçün təkcə hərbi təhsil və fiziki hazırlıq kifayət etmir. Zabit adının məsuliyyəti daha böyükdür. Bu peşəni seçən hər bir gənc, ilk növbədə Vətənini, xalqını, dövlətini sevməlidir. Tarixinə, milli dəyərlərinə, dilinə, adət-ənənələrinə sahib çıxmalı, dünyagörüşünü artırmalı, dövləti və xalqı qarşısındakı xidməti borcunu şərəflə yerinə yetirməlidir.” Sonra kursu daha yüksək qiymətlərlə 1-ci, 2-ci və 3-cü yerdə başa vuran məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Bütün məzunlara sertifikatlar təqdim edildikdən sonra kurs zamanı ümumqoşun, ixtisas və fiziki hazırlıqda fərqlənən məzunlar mükafatlandırılıblar. Kurs birincisi Şıxəmir Rəşidov xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunlar döyüş bayrağı qarşısında and içiblər. Sonra polkovnik Vəli Nadirov məzunların ilkin leytenant hərbi rütbəsi verilməklə ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları haqqında Müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb. Tribuna önündən təntənəli keçiddən sonra məzunlarla xatirə şəkili çəkdirilib.