İyunun 12-də Bakıda Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi başlayıb.
Xezerxeber.az-ın məlumatına görə, konfransın açılış mərasimində Azərbaycanın Baş naziri Novruz Məmmədov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub və açılış nitqi ilə çıxış edib.
Açılış mərasimindən sonra jurnalistlərə açıqlama verən Baş nazir Novruz Məmmədov Azərbaycanın hazırda böyük islahatlar dönəmini yaşadığını və bunun davamlı inkişaf üçün ən vacib amillərdən biri olduğunu bildirib.
Baş nazir Azərbaycanda keçirilən beynəlxalq konfransların ölkənin müasir innovasiyalar və yeniliklərin tətbiqində önəmli dərəcədə maraqlı olmasının göstəricisi olduğunu bildirib.
Konfransdan sonra jurnalistlərin suallarını cavablandıran Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə dünyanın tanınmış şirkətlərindən biri ilə blokçeyn texnologiyasının istifadəsilə bağlı müqavilə imzalanacağını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan öz ərazisindən keçəcək konteyner yükləri barədə məlumatları birbaşa əldə etmək imkanı əldə edəcək.
Komitə sədrinin sözlərinə görə, yeni texnologiyadan istifadə yük daşımalarının həcminin sürətlə artmasına və informasiya mübadiləsinin daha sürətlə icra edilməsinə imkan yaradacaq. Bu isə öz növbəsində Azərbaycanın tranzit potensialının daha da güclənməsinə səbəb olacaq.
Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya isə bildirib ki, Azərbaycanda bir neçə dəfə səfərdə olub və o, gömrük sahəsində həyata keçirilən islahatları, eləcə də elektron xidmətlərin şəbəkəsinin genişləndirilməsini təqdirəlayiq hal hesab edib. Onun sözlərinə görə, hər il gömrük sahəsində həyata keçirilən yeniliklər və təcrübə mübadiləsinin genişləndirilməsi ənənəsi Azərbaycan gömrük sisteminin təkmilləşməsində önəmli rol oynayır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin ev sahibliyi, Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı və Koreya Gömrük Xidmətinin dəstəyi ilə keçirilən tədbirə 91 ölkənin gömrük və sərhəd xidməti orqanlarının, informasiya texnologiyaları sektorunun, biznes, hökumət və ticarət təşkilatlarının, eləcə də elmi dairələrin 500-dək nümayəndəsi qatılıb. Konfrans və sərgi iyunun 14-dək davam edəcək. Konfrans çərçivəsində keçiriləcək plenar sessiyalarda texnologiyaya əsaslanan qabaqcıl ticarət üzrə strategiyaların yenidən qurulması, gələcəyin "yaşıl nəqliyyat" və logistikasına sərhəd idarəçiliyinin münasibəti, maneəsiz sərhəd üçün smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün innovativ həllər, gələcəyə yönəlmiş nəqliyyat sahəsi mövzuları müzakirə olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: