Şəmkirdə 15 min əhalinin yaşadığı Kür qəsəbəsinin Mərkəzi Xəstəxanası yenidən qurulur.
Xezerxeber.az-ın məlumatına görə, tibb ocağı istifadəyə verildiyi 1989-cu ildən bəri ilk dəfədir ki, əsaslı təmir edilir.
Üçmərtəbəli bina 6500 kvadratmetr ərazini əhatə edir, 1 əsas və əlavə korpusdan ibarətdir. Burada poliklinika, rentgen, cərrahiyə, daxili xəstəliklər, doğum, qəbul, fizioterapiya və təcili yardım şöbələri fəaliyyət göstərəcək.
Prezidentin tapşırığına əsasən dövlət vəsaiti hesabına təmirə dayanan 50 çarpayılıq xəstəxananın bu ilin noyabrında istifadəyə verilməsi planlaşdırılır. Onadək bütün şöbələr müasir tibbi avadanlıqlarla təchiz ediləcək. Xəstəxana Kür qəsəbəsi ilə yanaşı bir neçə kəndin əhalisinə də xidmət göstərəcək.
Ərazidə tibb ocağının fasiləsiz istilik və elektrik enerjisi ilə təminatına imkan verəcək yarımstansiya, baseyn kimi köməkçi obyektlər inşa edilib. Binanın qapı və pəncərələri dəyişdirilib. Xəsətəxananın dam örtüyü işləri, elektrik sistemi tam yekunlaşıb, hazırda fasad boyaq işləri aparılır. Döşəmə işlərinin tezliklə yekunlaşması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: