Paytaxtda isitmə-soyutma sistemi ilə təchiz edilməsinə baxmayaraq, hələ də bəzi marşrut avtobuslarında kondisionerlər qoşulmur. Bu hal ötən gün ''Baku Bus''a məxsus 7A saylı avtobusda sürücü ilə sərnişinlər arasında gərginliyə səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, avtobusun içində sıxlıq olsa da, sürücü kondisioneri işə salmır. Bu hal isə sərnişinlərlə sürücü arasında mübahisəyə səbəb olur.
Belə bir görüntünü ötən gün metronun "Əhəmədli" stansiyasından "Avtovağzal"a gedən 7A saylı marşrut avtobusunda bir sərnişin çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.
Üstəlik, şikayətçi bildirir ki, məsələ ilə bağlı elə həmin anda Bakı Nəqliyyat Agentliyinin 141 saylı "qaynar xətt"inə məlumat verməyə çalışsa da, telefona cavab verilməyib.
Digər sərnişinlər də bəzi hallarda kondisionerlərin qoşulmadığını təsdiqləyirlər.
Sürücülər də kondisionerlərin bəzi hallarda söndürüldüyünü təsdiqləyirlər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, adətən kondisionerlər yay mövsümündə, yəni iyunun 15-dən qoşulmalıdır. Amma havalar isti keçdiyindən agentlik tərəfindən daşıyıcıları göstəriş verilib ki, kondisionerlər işlədilsin. Elə buna görə də həm bu fakt, həm də "qaynar xətt"ə vaxtında cavab verilməməsi məsələsi araşdırılacaq və müvafiq tədbir görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: