Bakıya yeni müasir vaqonlar gətirilib.
Xezerxeber.az-ın məlumatına görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, istehsal edilmiş 10 vaqon artıq Bakıdadır. İl ərzində isə Bakıya daha 20 yeni vaqon gətiriləcək. Bu vaqonlar bir sıra xüsusiyyətləri ilə köhnələri üstələyir.
"Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədovun sözlərinə görə, il ərzində köhnə vaqonlar 30 yeni vaqonla əvəzlənəcək.
Tikilməkdə və təmir edilməkdə olan metrostansiyalar barədə məlumat verən Hidayət Məmmədov bildirdi ki, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilən, şərti olaraq "B3" adlandırılan stansiyanın tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.
"Xətai" metrostansiyasında isə son təmir işləri görülür.
Qeyd edək ki, "Bakı Metropoliteni"nin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: