Yol kənarlarında yerləşən arpa sahələri hər an təhlükə ilə üz-üzədir. Həm havaların isti keçməsi, həm də kənar müdaxilələr hesabına sahələrdə yanğın baş verməsi riski mövcuddur. Bununla da fermerin aylarla çəkdiyi əziyyət hədər gedə bilər.
Xezerxeber.az-ın məlumatına görə, hazırda bölgələrdə biçin davam etdirilir. Bəzi fermerlərin sahələri yol kənarlarında yerləşir. Bu isə həmin sahələri təhlükə qarşısında qoyur. Çünki sahəyə atıla biləcək adi siqaret kötüyü yanğına səbəb ola bilər. Bunun qarşısını almaq üçün isə qabaqlayıcı tədbirlər görülməlidir.
Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat katibi Vüqar Hüseynov deyir ki, əvvəlki illərlə müqayisədə arpa sahələrində yanğınların sayı azalıb. O da təsdiq edir ki, yanğın hadisələri daha çox yol kənarında yerləşən ərazilərdə baş verir.
Nazirlik rəsmisinin sözlərinə görə, yanğının qarşısını almaq üçün aidiyyəti qurumlar tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir, fermerlərə tövsiyələr verilir. Bu məqsədlə təsərrüfat sahibləri müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirməlidirlər.
Fermelər isə hesab edir ki, sözügedən problemə müvafiq qurumlar nəzarət etməlidir.
Vüqar Hüseynov isə deyir ki, əkin sahələrinin təhlükəsizliyi, ilk növbədə fermerlətin özü üçün maraqlı olmalıdır. Nazirlik bununla bağlı mütəmadi olaraq fermerlərə tövsiyələr verir. Tövsiyələrə əməl edilməsi isə onların özündən asılıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: