İyunun 9-da Bakıda "Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda keçirilən Beynəlxalq Memarlıq Forumunun bəyannaməsi imzalanıb.
Xezerxeber.az xəbər verir ki, sənədi Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə və Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye imzalayıblar.
Tədbirdə çıxış edən Elbay Qasımzadə üçgünlük forum çərçivəsində əhəmiyyətli müzakirələrin aparıldığını bildirib. Qeyd edib ki, forum zamanı keçirilən sessiyalarda tarixi irsin istifadəsi və mühafizəsi, turizmin iqtisadiyyata, istehlakçıların vərdişlərinə, şəhər infrastrukturuna təsiri müzakirə olunub, tarixi şəhərlərdə kütləvi turizmə nəzarət edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Elbay Qasımzadə əlavə edib ki, bəyannamədə işğal altında olan torpaqlarda memarlıq abidələrinin qorunması ilə bağlı bənd əlavə edilib.
Əməkdar memar bildirib ki, belə bir bəndin bəyannaməyə əlavə edilməsi işğal altında olan torpaqlarda çoxsaylı memarlıq abidələri dağıdılan Azərbaycan üçün önəmli əhəmiyyət kəsb edir.
Elbay Qasımzadə onu da vurğulayıb ki, Ermənistan hərbi birləşmələri indiyədək işğal altında olan Qarabağ, eləcə də ətraf rayonlarda həm müsəlman, həm də xristian dininə aid də çoxsaylı tarixi abidələri məhv ediblər.
Tomas Vonye Azərbaycanın bu kimi beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb. O, əmin olduğunu bildirib ki, forum çərçivəsində aparılan müzakirələr turizmin inkişafına, eləcə də tarixi abidələrin qorunması işinə öz töhfəsini verəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: