Xəzər Xəbər

Xocəsən-Lökbatan avtomobil yolunda işlər yekunlaşmaq üzrədir - VİDEO

Veb TV | 19:28 • 8 İyun 2019
Xocəsən-Lökbatan avtomobil yolunda işlər yekunlaşmaq üzrədir -

Bir müddət əvvəl təmirə bağlanan yolda işlər yekunlaşmaq üzrədir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət əsaslı təmirə dayanan, paytaxtın iki qəsəbəni birləşdirən Xocəsən-Lökbatan avtomobil yolundan gedir.

Avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlib və əsaslı təmirə ehtiyac yaranıb. Yolun belə vəziyyətdə olması xüsusən də günün pik saatlarında hərəkətdə müəyyən problemlərə səbəb olurdu.

Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dörd hərəkət zolaqlı və eni 16 metr olan yolda köhnə asfalt-beton örtüyünü qaşıyıblar, qabarmış və dağılmış hissələr isə qazılaraq çıxarılıb. Yol boyu kipləşdirmə işləri də aparılıb. Avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri isə artıq yekunlaşmaq üzrədir.

Avtomobil Yolları Dövlət Agentliyindən ''Xəzər Xəbər''ə verilən məlumata görə, asfaltlanma işləri bitən ərazilərdə çiyin hissələrə optimal qum-çınqıl qarışığı verilməklə bərkidilməsi işləri də görülür. Bundan başqa, yol boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa ediləcək, mövcud səkilər isə bərpa olunaraq asfaltlanacaq. Qəsəbə sakinləri də sözügedən yolun təmirə ehtiyacı olduğunu deyirlər.

Qeyd edək ki, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq. Yolun tam olaraq yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar