Astara polisi mobil telefon mağazasından oğurluq edən şəxsləri saxlayıb. Dəstə üzvləri mağazadan 15 ədəd mobil telefon, danışıq kartları və nağd pul götürüblər.
Mağazadan mobil telefon və danışıq kartları oğurlayan dəstə saxlanılıb.
Astara rayon sakini Elxan Əhmədov "102" zəng mərkəzinə müraciət edərək gecə saatlarında ona məxsus mağazadan ümumi dəyəri 6700 manat olan mobil telefonların, danışıq kartları və nağd pulun oğurlandığını bildirib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini 4 nəfərin - Cəlilabad sakini Vüqar Həsənov, Lənkəran sakini İmran Eynəliyev və daha 2 nəfər yeniyetmənin törətdiyi məlum olub. Onlar tutularaq istintaqa cəlb edilib.
Oğurlanmış mobil telefonlar, danışıq kartları və pul saxlanılan şəxslərdən aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.