Xəzər Xəbər

Bəzi binalar şəhərin harmoniyasını pozur VİDEO

Veb TV | 19:43 • 3 İyun 2019
Bəzi binalar şəhərin harmoniyasını pozur

Polşa memarları Bakıda bir sıra tarixi abidələrin inşasında yaxından iştirak ediblər və bu zaman öz işlərində Azərbaycan memarlığından da faydalanıblar. Bu sözlərlə Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə çıxış edib. Azərbaycanın əməkdar memarı Bakının yeni baş planının hazırlanmasından da danışıb və bəzi binaların paytaxtın memarlıq harmoniyasını pozduğuna diqqət çəkib.

Polşa Memarları Bakıda məşhur binaların memarları olmalarına baxmayaraq inşaat zamanı Azərbaycanın milli memarlıq nümunələrini də öz işlərində istifadə ediblər. BunuPolşa memarlarının xatirəsini əbədiləşdirən və bu yaxınlarda açılışı edilən lövhənin müəllifi- Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə bildirib. Azərbaycanın əməkdar memarı bildirib ki, Bakıda Murtuza Muxtarovun sarayı, İsmailiyyə, Bakı Şəhər İcra Hakimiyyəti, Ağabala Quliyevin mülkü və bir çox tarixi binalar polşalı memarların layihələri əsasında inşa olunub.

Memarlar İttifaqının sədri hazırda üzərində işlərin aparıldığı Bakının yeni baş planından da danışıb.

Memarlar İttifaqının rəhbəri müasir Bakıda bəzi binaların və obyektlərin şəhərin görkəmini pozduğunu, buna görə də memarları bundan sonrakı prosesdə daha məsuliyyətli olmağa çağırıb.

Elbay Qasımzadə müasir memarlığın xüsusiyyətlərindən də danışaraq bildirib ki, hazırda memarlıqda milli ruh demək olar ki, müşahidə olunmur. Çünki, hazırda memarlar daha çox modern və xarici ölkələrdə populyar olan modellərə üstünlük verirlər.

Xəbər lenti

Çox oxunanlar