Bu gündən müəllimlərin iş yerini dəyişməsi üçün sənəd qəbulu başlayıb. Elektron sənəd qəbulu iyunun 10-u saat 23:59-da başa çatacaq.
Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək.
Bu il ümumilikdə 5 minə yaxın vakant yer üzrə müsabiqə elan edilib. Onlardan 500-dən çoxu paytaxtın payına düşür. Ən çox vakant yer isə ibtidai sinif müəllimliyi ixtisası üzrədir.
Müsabiqə zamanı bəzi şəxslərin topladıqları bal artım əmsalına vurulacaq.
Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcək. Mərkəz əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcək.