Cəlilabadda fəaliyyət göstərən "Günəşli" aqroparkının nəzdində yaradılan heyvandarlıq kompleksi 2017-ci ildən fəaliyyətdədir. 7 hektar ərazini əhatə edən kompleksdə ilkin mərhələdə 2 ferma inşa edilib.
Xezerxeber.az-ın məlumatına görə, əsasən süd istehsalını artırmaq məqsədi ilə yaradılan aqroparka Almaniyadan 234 baş iribuynuzlu cins heyvan gətirilib. Əvvəlki illərdə 2,5 ton gündəlik süd hasilatı ilə fəaliyyətə başlayan müəssisə hazırda hasilatı 6 tona çatdırıb. Müəssisədə irili-xırdalı heyvanların sayı 860 başdır. Səmərəli fəaliyyətin nəticəsi olaraq Almaniyadan daha 29 baş cins heyvan gətirilib. Müəssisədə quraşdırılan müasir tipli avadanlıqlar heyvanların yerli iqlimə uyğunlaşdırılmasını asanlaşdırır. Burada ət istehsalının artırılması da nəzərdə tutulub. Heyvanların saxlanılması üçün isə əlavə köməkçi tikililər inşa olunur.
Müəssisə dövlətin sahibkarlara yaratdığı şərait nəticəsində ayrılan investisiya və güzəştli kreditlər hesabına ərsəyə gəlib. Aqroparkın direktorunun sözlərinə görə, heyvanların sayının 3000 başa çatdırılması nəzərdə tutulub. Yem bazasını əsasən özü tədarük edən müəssisə 1600 hektar sahədə əkin aparıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: