Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların siyahısı genişləndirilir.
Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, əhalinin həyat və sağlamlığının qorunması, dövlətin iqtisadi maraqlarının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra sahələrdə yoxlamaların aparılmasına icazə veriləcək.
Millət vəkili Ziyad Səmədzadə qeyd edib ki, sahibkarlıq sahəsində yoxlamaların aparılması 2021-ci ilə qədər dayandırılsa da, bu qadağa təklif edilən sahələrə aid edilməyəcək.
''Əhalinin sağlamlığının qorunması haqqında'' qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Musa Quliyev qeyd edib ki, tibb müəssisələri 5 ildən bir akreditasiyadan keçiriləcək. Onun sözlərinə görə, sahibkarlığın dəstəklənməsi tədbirləri çərçivəsində özəl tibb müəssisələrinə lisenziya müddətsiz verilirdi. Bu isə bir sıra hallarda özəl tibb müəssisələrində müəyyən çatışmazlığa səbəb olurdu.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən isə, Hesablama Palatasının bələdiyyələrin maliyyə-büdcə ekspertizası, audit yoxlaması kimi səlahiyyətləri ləğv edilib. Təklifi müsbət dəyərləndirən millət vəkili Fazil Mustafa bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinin vacibliyinə diqqət çəkib.
Qeyd edək ki, plenar iclasda 25 məsələ müzakirəyə çıxarılıb. Qanun layihələri səsə qoyularaq qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: