Mayın 30-da Bakıda Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forum keçirib.
Xezerxeber.az xəbər verir ki, forumda dövlət və hökumət rəsmiləri, deputatlar, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, səfirlər, media və QHT rəhbərləri, ziyalılar, tələbələr iştirak ediblər.
Forumu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM-ın sədri Rufiz Qonaqov açaraq Azərbaycanın ərazi bütövlüyünün və bir milyondan çox qaçqın və məcbur köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi istiqamətində dünya birliyini ciddi qərarlar qəbul etməyə, ikili standartlara son qoymağa, ədalətli mövqe sərgiləməyə çağırıb. O, Ermənistanın bu gün də davam edən işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhlükə yaratdığını bildirib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tədbirdə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yeni mərhələdə” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, münaqişənin həlli istiqamətində danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin qeyri-konstruktiv siyasəti bu danışıqların səmərəliliyinə mane olur. Azərbaycan sülh yolu ilə torpaqlarımızın azad olunmasının tərəfdarıdır və bunu dəfələrlə bildirib. Biz bunu bütün səviyyələrdə bəyan etmişik və Ermənistanı bir daha danışıqlar yolu ilə problemi həll etməyə çağırırıq.
Səməd Seyidov qeyd edib ki, bu gün Ermənistan hakimiyyəti informasiya müharibəsinə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Lakin Ermənistanın cəhdləri ona heç nə qazandırmır.
Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Leyla Abdullayeva "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesindəki vəziyyəti” mövzusunda məruzəsində münaqişənin həlli istiqamətində ölkə başçıları və xarici işlər nazirləri arasında son dövrlərdə keçirilən görüşlərdən bəhs edib, Ermənistanın qeyri-konstruktiv mövqeyini forum iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, 30 ilə yaxındır ki, ərazilərimiz işğal olunub. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altındadır, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi prinsipialdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi xarici siyasətimizin prioritetlərindən birini təşkil edir.
Forum müzakirələrlə davam edib. Qeyd edilib ki, Ermənistanın aqressiv siyasətinin qarşısının alınmasında beynəlxalq təşkilatlar, diaspor qurumları, vətəndaş cəmiyyətləri fəal olmalıdırlar. Onlar Ermənistanın təhdid siyasətinin qarşısının alınmasında yaxından iştirak etməlidirlər.
Beynəlxalq forumun iştirakçıları adından Ermənistanın regional təhdid siyasətinə dair bəyanat qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: