Xəzər Xəbər

ABŞ-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir - VİDEO

Veb TV | 19:50 • 29 May 2019
ABŞ-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir -

Son bir neçə gündə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iki təbrik məktubu ünvanlanması ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu, Amerikanın Azərbaycana böyük önəm verdiyini aydın göstərir.

Xezerxeber.az-ın məlumatına görə, Donald Tramp 28 May- Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda ABŞ-Azərbaycan əlaqələrini "bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq" kimi səciyyələndirir. Məktubda göstərilir ki, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və digər sahələri əhatə edən bu tərəfdaşlıq yüksələn xətt üzrə inkişaf edir.

Millət vəkili Elman Nəsirov qeyd edib ki, ABŞ Prezidenti Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir.

Millət vəkilinin sözlərinə görə, bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir.

Elman Nəsirovun sözlərinə görə, məktubun mətnındən aydın olur ki, Donald Tramp Azərbaycanda qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımları alqışlayır.

ABŞ prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd edilib ki, Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb.

Millət vəkili vurğulayıb ki, hər iki məktuba əsasən ABŞ-ın xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində Azərbaycanın səylərini dəstəklədiyini söyləmək olar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar