"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi işğal edilmiş ərazilərimizdə məhv edilən tarixi, mədəni irsimizin vəziyyəti və təbliği ilə bağlı kampaniyanın növbəti hissəsini Qarabağ xalçalarına həsr edib.
İcmadan xezerxeber.az-a verilən məlumatda qeyd olunur ki, bununla bağlı sosial medianın tələblərinə uyğun olaraq ingilis dilində video çarx hazırlayıb. BMT, ATƏT və bu qurumun Minski qrupuna daxil olan dövlətlərin o cümlədən Avropa İttifaqının bir sıra proqramlarının sosial şəbəkələrdə mövcud olan rəsmi hesablarına, mail ünvanlarına göndərilən video çarxda diqqət Qarabağda vaxtı ilə mövcud olmuş xalçaçılıq ənənələrinə yönəldilib. Qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xalçaları öz rəngarəngliyi və ornamentləri ilə seçilib.
"Qarabağ xalçaları məzh bu xüsusiyyətinə görə Qafqazda şöhrət qazanıb. Məşhur Brockhaus Efron ensiklopediyası 1904-cü ildə yazırdı ki, Şuşa şəhəri bütün Qafqazda xalçaçılıq mərkəzi kimi tanınır. Şuşalı xalçaçılar 1867-ci ildə məşhur Paris, 1872-ci ildə isə Moskva sərgilərində mükafatlara layiq görülüblər. 18-ci əsrdə Şuşada toxunmuş xalça bu gün də Bostonun İncəsənət Muzeyində ən qiymətli eksponatlar sırasındadır. Bu bir daha Qarabağda xalçaçılığın qədim ənənələrinin olmasını təsdiqləyir,” - vurğulanan video çarxda daha sonra Şuşada mövcud olmuş Xalça Muzeyi və onun ermənilər tərəfindən dağıdılması ilə bağlı məlumatlar yer alıb: "18-ci əsrdə Şuşada yaradılmış və general Səməd bəy Mehmandarovun mülkündə yerləşən Şuşa Xalça Muzeyi öz zəngin eksponatları ilə məşhur idi. Təəssüf ki, erməni işğalı xalçaçılıq ənənələrimizə son qoymaqla yanaşı, bu eksponatların bir hissəsinin dağıdılmasına və oğurlanmasına səbəb oldu. Bu gün Şuşa Xalça Muzeyi Bakıda Azərbaycan Xalça Muzeyinin daxilində fəaliyyət göstərir”.
Qeyd edək ki, icmanın beynəlxalq təşkilatlara ünvanladığı əvvəlki video çarxlar Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün güllələnmiş abidələrinə, Qarabağda qədim musiqi və şahmat ənənələrinə həsr olunub.