Mayın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında "açıq qapı" günü formatında "Port Festival 2019" keçirilib.
Xezerxeber.az xəbər verir ki, Xəzər dənizi regionunda ilk dəfə bu formatda keçirilən tədbirdə Bakı və Şirvan şəhərləri, Qaradağ, Salyan, Hacıqabul, Sabirabad, Neftçala rayon sakinləri, məktəbli və yeniyetmələr iştirak edir, yeni və müasir standartlara uyğun inşa edilən limanla tanış olmaq imkanı qazanırlar. Tədbirdə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətləri, Azərbaycanda akkreditə olunmuş diplomatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov qeyd edib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasəti və qlobal miqyaslı təşəbbüslər nəticəsində 2018-ci il mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan yeni Bakı Limanı Xəzər dənizinin ən böyük limanlarından biridir. Hazırda liman Mərkəzi Avrasiya regionunda mühüm nəqliyyat və logistika qovşağına çevrilməkdədir, dünyanın aparıcı limanları, nəqliyyat və logistika şirkətləri ilə faydalı əməkdaşlıq qurmaqdadır.
T.Ziyadovun sözlərinə görə, yeni Bakı Limanında müasir dünya standartlarına uyğun yaradılan infrastruktur, görülən işlərin ölkəmizə, o cümlədən ətraf rayon və qəsəbələrdə yaşayan əhalinin sosial rifahına göstərəcəyi müsbət təsirindən, əlavə iş yerlərinin açılması və görülmüş digər tədbirlərlə ictimaiyyəti tanış etmək baxımından "Port Festival"ın keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
"Port Festival" dünyanın bütün iri liman şəhərlərində keçirilir. Yeni Bakı Limanında təşkil olunan festivalda 5 mindən çox insanın iştirak etməsi və hər il keçirilməsi nəzərdə tutulur.
''Port Festival''ın ənənəvi olaraq hər il keçirilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: