Xəzər Xəbər

Azad Rəhimov: Azərbaycan Mxitaryanın qorxusunu aradan qaldırmaq üçün hər şey edib - VİDEO

Veb TV | 14:36 • 25 May 2019
Azad Rəhimov: Azərbaycan Mxitaryanın qorxusunu aradan qaldırmaq üçün hər şey edib -

Azərbaycan UEFA Avropa Liqasının final matçında iştirakdan imtina etmiş "Arsenal”ın futbolçusu Henrix Mxitaryanın qorxusunu aradan qaldırmaq üçün hər şey edib.

Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov "CNN Sport”a müsahibəsində deyib.

Azərbaycanın H.Mxitaryanın özünü daha təhlükəsiz hiss etməsi üçün daha çox şey edə bilməsi barədə suala cavab verən nazir deyib:

"Daha çox deyəndə nəyi nəzərdə tutursunuz? Biz hər şeyi etdik. Daha çox nə edə bilərik? Biz ona iki F-16 qırıcısının müşayiəti ilə şəxsi təyyarə və ağır artilleriya göndərə bilərik. Bilmirəm, daha nə edə bilərik. UEFA və "Arsenal” bütün mümkün olan və olmayan sənədləri alıblar. Mən öz adımdan məktub göndərmişəm və hökumət, AFFA, eləcə də təhlükəsizliyə cavab verən strukturlar tərəfindən təminat məktubunu imzalamışam. Biz Ermənistan milli komandasını qəbul etmirik, Böyük Britaniya klubunu qəbul edirik”.

H.Mxitaryana zəng edib-etməməsi barədə suala isə A.Rəhimov bildirib ki, onun nömrəsini bilmir:

"Amma onun klub vasitəsilə Londondakı səfirliyimizlə birbaşa əlaqəsi var. Səfir öz müsahibəsində ona əlaqə saxlamağı məsləhət görüb, amma heç bir cavab gəlməyib”.

Nazir 2020-ci ildə Azərbaycanda baş tutacaq futbol üzrə Avropa çempionatının 4 oyununa ermənilərin gəlib-gəlməyəcəyi barədə məsələyə də toxunub:

"Biz heç vaxt idman yarışlarına gələn şəxslərə məhdudiyyət qoymamışıq. Ermənistan vətəndaşlarından ölkəmizə gəlməməmişdən qabaq viza üçün müraciət etmələrini xahiş edirik. Bu, yeganə tələbdir və digər turistlərlə müqayisədə bəlkə də bir qədər çoxdur. Digər məsələlərdə heç bir məhdudiyyət yoxdur”.

Xəbər lenti

Çox oxunanlar