İndi sizə bir qızcığazdan bəhs etmək istəyirik. O qızcığaz ki, 12 yaşı olsa da, hələ də məktəbə getməyib. Buna səbəb isə ailədaxili münaqişədir. İndi bu qızın tək istəyi internat məktəbində qalmaq və təhsil almaqdır.
Cəmi 12 yaşı var. Amma nə oxuya, nə də yaza bilir. Bu qızcığaz hazırda 7-ci sinifdə oxumalı olduğu halda indiyədək məktəbə getməyib.
Bakıda NZS adlanan qəsəbədə yaşayan Tövhənisə Əkbərovanın valideynləri bir müddət əvvəl boşanıblar. Elə bütün problemlər də bundan sonra başlayıb.
Uşağın atası Yengibar Kərimovun sözlərinə görə, daha sonra uşağını məktəbə qoymaq üçün nə qədər cəhd göstərsə də, bu cəhdləri boşa çıxıb. Çünki Tövhənisənin sənədləri qaydasında olmayıb və bu sənədlərdə ata adı ümumiyyətlə qeyd edilməyib. Ona görə də atanın sənədləri qaydaya salmaq cəhdləri uğursuz olub.
Balaca qızcığaz isə hər şeyə rəğmən oxumaq, təhsil almaq istəyir. Bunun üçün o, atasının maddi imkanının yaxşı olmamasını əsas gətirərək çıxış yolunu internat məktəbində qalmaqda görür..
Məsələ ilə bağlı Təhsil Nazirliyindən Xəzər Xəbər-ə bildirildi ki, məsələ araşdırılacaq və lazımi kömək göstəriləcək.