Dəfələrlə avtobus sürücülərinin qayda pozuntuları haqqında süjetlər vermişik.Daha bir görüntü Xəzər Xəbər-in votsap nömrəsinə göndərilib. 198 saylı xətt üzrə hərəkət edən avtobusun sürücüsü nəqliyyat vasitəsini qapısı açıq şəkildə idarə edir və qapıdan bir neçə sərnişin sallanaraq yollarına davam edirlər.
Marşrut avtobusu sürücülərinin və daşıyıcı şirkətlərin məsuliyyətsizlikləri davam edir.
Xəzər xəbər-in votsap nömrəsinə göndərilən kadrlar bunu bir daha sübut edir.
Metronun "Koroğlu" stansiyasından Zabrat qəsəbəsinə hərəkət edən 198 saylı avtobusun sürücüsü qaydaları kobud şəkildə pozur. Sərnişin sıxlığından qapılar bağlanmayıb. Bir neçə sərnişin qapıdan sallanıb və avtobus bu vəziyyətdə hərəkət edir.
Adi bir diqqətsizlik ağırqəzaya səbəb ola bilər.
Məsələ ilə bağlı 198 saylı xəttin nəzarətçisi Seyfulla Hüseynov bildirib ki, hadisənin nə zaman baş verdiyi məlum olduqdan sonra sürücünün kimliyi üzə çıxacaq.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev qeyd edib ki, belə hal yolverilməzdir. O, məsələnin araşdırılacağını və lazımi tədbirlərin görüləcəyini bildirdi.