Ötən gecə Lənkəranda ana övladını dünyaya gətirəndən sonra vəfat edib.
Xezerxeber.az-ın məlumatına görə, Lənkəranın Osaküçə kənd sakini 40 yaşlı Bəfanə Quliyeva may ayının 1-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. O, vəziyyəti ağır olduğundan təcili olaraq əməliyyata götürülüb. Qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gəlib. Bəfanə Quliyeva uzun müddət Bakıda müayinə və müalicə olunub. Ona körpəni dünyaya gətirməmək əvvəlcədən tövsiyə olunsa da, qadının ağır vəziyyətdə xəstəxanaya gətirilməsi doğuşun qəbulunu vacib edib. Doğuşdan 22 saat sonra isə qanaxma baş verib. Növbəti əməliyyatda uşaqlığın amputasiyası gerçəkləşib.
Səhiyyə Nazirliyi tərəfindən növbəti əməliyyat üçün 1 sayli kliniki tibbi mərkəzin və elmi cərrahiyə mərkəzinin reanimatoloq və cərrahları cəlb olunsa da, ananın həyatını xilas etmək mümkün olmayıb. Körpənin vəziyyəti isə normal qiymətləndirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Əbülfət Məmmədov hadisə barədə məlumat verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: