Şəmkirdə qətl hadisəsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, rayonun Bayramlı kənd sakini, 29 yaşlı Kəramət Məmmədov evdə naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində ölüb.
Kənd sakinlərinin sözlərinə görə, mərhum olduqca sakit və mülayim xasiyyətli biri olub. Onun kiminləsə ədavətdə olması haqda indiyədək nəsə eşidən olmayıb.
Ailə üzvləri də qətlin motivləri ilə bağlı heç bir təsəvvürə malik deyil. Anasının sözlərinə görə, mərhumun iniyədək heç kimlə adi münaqişəsi belə olmayıb.
Kəramət Məmmədov Ədliyyə Nazirliyi Penitensiar xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı olub.
Bu arada, Baş Prokurorluq və Ədliyyə Nazirliyi birgə açıqlama yayıb.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda 2 maddə ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: