Bir müddət sonra keçiriləcək müəllimlərin yerdəyişmə müsabiqəsində bəzi müəllimlər iştirak edə bilməyəcəklər. Bunu Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov deyib. Nazirliyin rəsmisi bunun səbəblərini açıqlayıb.
Orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yayda keçiriləcək yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Nazirlik rəsmisi bildirib ki, orta məktəblərdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər yalnız imtahanda iştirak edib, vakant yer üzrə yenidən işə qəbul olunduqdan sonra yeni tədris ilində bu müraciəti edə bilərlər.
Qeyd edək ki, bu gün müddətli müqavilə ilə işləyən müəllimlərin müqavilələrinin daimiləşdirilməsi üçün keçirilən müsahibədə 1500-dən artıq müəllim iştirak edib.
Eşqi Bağırov həmçinin bildirib ki, ötən il əmək müqavilələrinin daimiləşməsi üçün 2000-3000 müəllim müraciət etsə də, onların yalnız 500-ü müsabiqəni uğurla başa vurub. Lakin cari tədris ilində daha çox vakant yerin elan edildiyi və daha çox müəllimin müddətli müqavilə ilə işə qəbul olunduğu nəzərə alınarsa, bu il həmin sayın daha çox olacağı proqnozlaşdırılır.